Müsahibədə uğurlu olmaq üçün nə etməli?

Sizin CV ilə tanış olduqdan sonra İR mütəxəssisi sizi müsahibəyə dəvət edir. Müsahibədə uğur qazanmaq üçün isə mütləq hazırlaşmaq lazımdır. Aşağıda bu prosesə hazırlaşarkən diqqət etməli olduğunuz ən vacib məqamlar qeyd edilmişdir:

1) Müsahibəyə getdiyiniz şirkət haqqında məlumat toplayın. Şirkətin tam adı, hansı istiqamətdə fəaliyyət göstərməsi, şirkətin tarixi və s. sualların və mövzuların dəqiq cavablarını bilməlisiniz.

2) Bütün lazımi sənədləri çap edin və ayrıca faylda müsahibəyə aparın. Həmin sənədlərə CV (iki nüsxədə), şəxsiyyət vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsi, ali təhsil haqqında diplom, sertifikatlar və s. aiddir.

3) Şirkətin ünvanını və yerləşməsini dəqiq analiz edin. Daha yaxşı olar ki, həmin yerə bir dəfə gedib, dəqiq ünvanı tanıyasınız. Nəqliyyatı, tıxacları və məsafəni nəzərə almaq lazımdır.

4) Müsahibə zamanı veriləcək əsas suallara kreativ, ancaq eyni zamanda məntiqli cavablar fikirləşin. Əsas suallar bunlardır:

  • Niyə bizim şirkət?
  • Əvvəlki iş yerinizdən nəyə görə çıxmısınız?
  • Özünüzün müsbət və mənfi cəhətləriniz barədə danışın.
  • Bizim şirkətə hansı faydanız ola bilər?

5) Müsahibəyə geyinəcəyiniz geyim barədə fikirləşin. Ciddi – rəsmi bir geyim seçilməsi məsləhət görülür.

6) Heç bir halda müsahibəyə gecikməyin. Müsahibə yerinə 20-25 dəqiqə öncədən gedin, çünki müsahibəyə gecikməyiniz bütün hazırlığınızı alt-üst edəcək və sizin uğur ehtimalınızı sıfıra endirəcək.

Müsahibə zamanı nəyə diqqət yetirməli?

1) Rəsmi şəkildə danışmağa çalışın. Bəli, xeyr, buyurun və s. sözlərdən istifadə edin.

2) Müsahibə zamanı özünüzə inamınız olsun. Dialoq zamanı İR mütəxəssisi ilə göz təması qurun. Qorxmaq və həyəcanlanmaq lazım deyil. Unutmayın, sizin inamlı cavablarınız İR mütəxəssisinə çox böyük təsir edə bilər.


Ən sərfəli kredit üçün müraciət et


3) Pozitiv olun. Unutmayın ki, pozitiv əhval-ruhiyyə də müsbət təsir bağışlaya bilər. Qəmgin yaxud robot kimi tam ciddi olmağınız müsahibənin nəticəsinə təsir edə bilər.

4) Suallara diqqətlə qulaq asın və ancaq sualı tam başa düşdüyünüz zaman cavablandırın. Ancaq hər sualı təkrar etmək barədə xahiş etməyin, çünki sizin qeyri-ciddi olduğunuz başa düşüləcək.

5) Hər suala maksimum 2-3 dəqiqə müddətində cavab verin.

6) Özünüz haqqında danışın sualına öz avtobioqrafiyanızı danışmayın, çünki bütün əsas məqamlar sizin CV-inizdə göstərilib artıq. Öz şəxsi və professional bacarıqlarınız, öncəki iş yerlərində qazandığınız təcrübə barədə danışın.

7) Əmək haqqı gözləntiniz, iş qrafiki, nahar və nəqliyyat təminatı barədə müsahibənin sonunda soruşun (İR mütəxəssisi özü bu barədə soruşması istisnadır), çünki bu barədə əvvəlcədən soruşsanız qeyri-ciddi görünə bilərsiniz və ancaq şəxsi marağınız üçün müraciət etdiyiniz mənasına gələcək. Bəlkə də sizin inamlı cavablarınız, şəxsi və professional bacarıqlarınız və sözsüz ki, vakansiyaya tam uyğunluğunuz sizə daha yüksək əmək haqqı təklif edilməsinə səbəb olacaq.

8) Müsahibənin sonunda qarşı tərəfə sizə bu imkanı yaratdığı üçün təşəkkürünüzü bildirin, işəgötürənin cavabından asılı olmayaraq.