Piter prinsipi

Piter prinsipi

Piter prinsipi kanadalı sosioloq Lorens Piter tərəfindən 1968-ci ildə yazdığı "The Peter Principle" adlı kitabda irəli sürülmüşdür. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, təşkilati iyerarxiyada işçilər o vaxta qədər irəli çəkilirlər ki, onlar bacarıqsızlıq həddinə çatırlar.

Piter prinsipi belə bir paradoksa əsaslanır: bacarıqlı işçilər davamlı olaraq irəli çəkilirlər. Lakin müəyyən nöqtədə yetərincə bacarıqlı olmadıqları vəzifəyə təyin olunurlar və həmin vəzifədə qalmağa davam edirlər, çünki daha da irəli çəkilmək üçün kifayət qədər bacarıq nümayiş etdirə bilmirlər. Bu prinsipə əsasən, təşkilati iyerarxiyada hər bir vəzifə son olaraq həmin işi bacarmayan işçi tərəfindən tutulur.

Öz kitabında L. Piter qeyd edir ki, işçinin yeni təyin olunduğu vəzifənin öhdəliklərini yerinə yetirə bilməməsi onun tamamilə bacarıqsız olmağından qaynaqlanmır. Məsələ ondadır ki, yeni vəzifə işçinin əvvəlki işi ilə əlaqədar sahib olduğu bacarıqlardan fərqli bacarıqlar tələb edir. Məsələn, təşkilati qaydalara və prosedurlara dəqiqliklə əməl edən şəxs bu cür qaydaları tərtib etmək vəzifəsinə təyin edilir. Lakin işçinin qaydalara tam əməl etməsi onun təşkilati qaydlaların hazırlanmasında uğurlu olacağını ifadə etmir.

Problemin mümkün həll variantı işçinin yeni vəzifəyə təyin olunandan əvvəl və sonra yeni vəzifənin tələblərinə uyğun təlim keçməsidir. Digər tərəfdən isə işçilərin bacarıqları düzgün qiymətləndirilməlidir. Bir sıra bacarıqlar daha yüksək vəzifələrə uyğun gəlmir. Məsələn, olduqca bacarıqlı mühəndis sosial bacarıqları zəif olduğu üçün yaxşı idarəçi olmaya bilər.

2018-ci ildə iqtisadçılar Alan Benson, Daniel Li və Kelli Şu bu prinsipi təcrübədən keçirmək məqsədilə 214 amerikan şirkətində satış mütəxəssislərinin performanslarını və irəli çəkilmə təcrübəsini təhlil etdilər. Məlum oldu ki, şirkətlər, həqiqətən də, işçiləri idarəçilik potensialına görə deyil, əvvəlki işlərindəki performanslarına görə rəhbər vəzifələrə irəli çəkirlər. Nəticədə onlar idarəçi kimi özlərini doğrultmur, bu isə şirkətə nəzərəçarpan dərəcədə ziyan vurur.

Piter prinsipi şirkətin məhsuldarlığını zəiflədir. Ən böyük problem liderliyin zəifləməsi və bunun nəticəsində digər işçilərin də fəaliyyətində səhvlərin artmasıdır. Digər tərəfdən zəif idarəçilik işçilərin rəhbərliyə qarşı münasibətinin dəyişməsinə səbəb olur. 

Peter prinsipi karikaturaçı Skot Adams tərəfindən irəli sürülən Dilbert prinsipi (komiks qəhrəmanı Dilbertin şərəfinə) ilə bir qədər əlaqəlidir. Hər iki prinsip rəhbərlikdə bacarıqsız şəxslərin mövcudluğunu izah edir, lakin fərqli yanaşmalardan istifadə edirlər. Belə ki, Dilbert prinsipinə əsasən, şirkətlər bacarıqsız işçiləri istehsal prosesindən uzaqlaşdırmaq üçün onları rəhbər vəzifələrə təyin edirlər. Yəni Piter prinsipində işçi bacarıqlı olduğu üçün irəli çəkildiyi halda, Dilbert prinsipində bacarıqsız olduğu üçün irəli çəkilir.

Hazırladı: Madam Helpful