CV göndərmə mədəniyyəti

Ümumi baxdıqda hər bir kəsin artıq çox yaxşı CV hazırlaya biləcəyini düşünürük, təəssüf ki və baxmayaraq ki, internet-dən və hədsiz çox pulsuz resurlardan istifadə imkanımız var, yenə də qeyri-professional, çox primitiv hazırlanmış CV-lərə rast gəlirəm. Bundan əlavə CV-ləri göndərərkən sadə yazı mədəniyyətinin zəif olduğu hallarla tez-tez rastlaşırıq.

İlkin olaraq qeyd edim ki, işəgötürənə siz CV-nizlə ilkin təəssürat yaratmış olursunuz. Bəli, vaxtlar var idi, internet klublarda gedib CV düzəltdirirdilər (hələ də var), ancaq indi hər bir imkanımız var ki, səqliqəli, sadə və kreativ CV-lər edə bilək. Düzgün CV-lər necə göndərilməlidir, bunun üçün bir neçə sadə misallar gətirmək istərdim. Ümid edirəm həm tələbələrin, həm digər işə müraciət edənlərin işinə yarayar və beləliklə özünüzü daha doğru ifadə və təqdim etmiş olarsınız və işəgötürənin də marağına səbəb olarsınız.

1.      Düzgün e-mail ünvanından göndərin.

Xahiş edirəm, ad soyadınıza uyğun sadə bir e-mailiniz olsun ki, bunu sırf professional kommunikasiya üçün istifadə edə biləsiniz.

Səhv format: [email protected][email protected]

2.      E-mailin mövzusu (subject)

Elementar olsa da, mövzunu düzgün qeyd etmək çox vacibdir, işəgötürən sizin hansı vəzifəyə müraciət etdiyinizi görmək istəyir. Boş mövzu yeri, sadəcə CV yazmaq və s. uyğun gəlmir.

3.      E-mailin mətni (text)

Ən çox rastlaşdığım problem, mətnsiz e-mail-lərin göndərilməsidir. Bu isə bilavasitə sizin yazılı kommunikasıya bacarığınızı işəgötürənə göstərir. Mətn boş olmamalıdır, “Salam”, “CV-im”, “Buyurun” kimi sözlərdən ibarət olmamalıdır. Sadə bir misal:

Hörmətli İşə qəbul komandası,

Mühasib vakansiyası ilə bağlı CV-mi e-mailə əlavə edirəm.

Xahiş edirəm əlavə məlumat tələb edilsə bildirəsiniz.

Hörmətlə,

Ad Soyad

4.      CV-nin adı

Bu hissə də sadə görünə bilər, ancaq çox hallarda CV-lərin adı qeyd edilmir.

Səhv format: CV, Resume, CV6666, CV Fuad, CV CV CV, CV (1), Anket və s., bu siyahı çox uzundur.

Düzgün format: Ad Soyad CV, ( Kamil Həsənov CV)

Inanın ki, bu sadə addımları atmaqla həm özünüzə üstünlük qazanmış olacaqsınız və işəgötürənin də vaxtına qənaət etmiş olacaqsınız və marağına səbəb olacaqsınız.

CV-nin tərkibi də sözsüz ki, çox önəmlidir. Çalışaram bu və tələb olunan vəzifə üçün özünüz haqqınızda məktub (cover letter) barədə də yazım.

İnternet-də pulsuz CV formatları çoxdur, çalışın sizə uyğun olanını seçin, individual olun, təkrarlanmayın.

Yazılı kommunikasiya biliklərinizi də gücləndirməyinizi tövsiyyə edərdim, online və ödənişsiz tədrislər çoxdur bunun üçün.

Uğurlar!