"EYÇAR"ların buraxdıqları əsas səhvlər... - 2-ci yazı

Keçən yazımda “eyçar”ların səhvlərinin bir qismi haqqında danışmışdım Çox maraqlı şərhlərlə qarşılaşdım. Yazımı aşağıdakılarla davam etdirirəm:

1. Telefonla müsahibə. Bildiyimiz kimi, hər bir “eyçar” CV-ləri analiz etdikdən sonra, uyğun gələn namizədlərlə ilkin olaraq telefonla əlaqə saxlayır. Qarşı tərəf işaxtaran və ya işini dəyişmək istəyən biri ola bilər, bəlkə danışmaq üçün uyğun deyil? Yaxud da işini dəyişmək istədiyi barədə məlumatı hələ köhnə iş yerinə bildirməyib? Ona görə də dərhal mətləbə keçməzdən əvvəl, qısaca özünüzü təqdim etdikdən sonra namizədin danışmaq üçün uyğun olub-olmadığını soruşmaq lazımdır.

 2. Namizədin fikrini soruşmadan konkret vaxtın təyin edilməsi. Bəzən namizədlərə “1 saat ərzində ofisimizə yaxınlaşın”- deyə şərt qoyulur. Yaxşı olar ki, bu vaxt namizədlə razılaşdırılsın.

 3. “Eyçar”ın müsahibəyə gecikməsi. Bir çox namizədlər saatlarla müsahibənin başlanmasını gözlədiklərindən şikayət edirlər. Çox vaxt “eyçar”lar bunu güya namizədlərin səbrliliyini, dözümlülüyünü yoxlamaq məqsədilə etdiklərini bildirirlər. Düzdür, təcrübədə “stress-müsahibə” anlayışı var. Lakin bu namizədi saatlarla gözlətmək yox, müsahibə əsanasında bilərəkdən namizəd üçün gərgin, onun səbrini daşdıracaq, hirsləndirəcək vəziyyətin yaradılmasıdır ki, bu yolla həmin şəxsin davranışlarını, stresli və konfliktli vəziyyətlərə nə dərəcədə dözümlü olduğunu araşdırırlar.

 4.      Müsahibələrdə uyğunsuz sualların verilməsi. Namizədlərə, ələlxüsus da qadın namizədlərə şəxsi zəminli sualların verilməsi “eyçar”ların reputasiyasına xələl vuran əsas məqamlardan biridir.

 5. Müsahibə zamanı kənar işlərlə məşğul olmaq. Bəzən namizədə sual verilir, özünü toplayıb suala cavab verən namizədi isə dinləyən olmur. “Eyçar” ya telefonla kiminləsə yazışır (bu, hətta çox vacib işlə əlaqədar olsa belə, müsahibə zamanı yolverilməz haldır), yaxud onu hər dəqiqə kimsə çağırır. Namizəd isə ona göstərilən bu saymazyana davranışdan haqlı olaraq narazı qalır.

 6. Geri dönüşün olmaması. Bu bəndi ikinci yazıma da təkrar daxil edirəm. Əgər geri dönüş məktubu yazmaq imkanınız yoxdursa, o zaman namizədə elə müsahibənin sonunda deyə bilərsiniz: “Biz sizinlə bu həftənin sonuna kimi əlaqə saxlayacağıq. Əgər əlaqə saxlamasaq, demək, başqa namizədi seçmişik”. Bir az sərt səslənə bilər, amma ən azı namizəd bundan sonra nə etmək lazım olduğunu biləcək.

7. Namizədlər haqqında sosial şəbəkələrdə “lətifə”lər paylaşmaq. Nəzərə alaq ki, nə vaxtsa hər birimiz iş axtarışında olmuşuq. Hər kəs üçün bu proses fərqli ola bilər. Bəzən həyəcandan, bəzən təcrübəsizlikdən namizədlər hansısa ggülməli və ya bizi qıcıqlandıra biləcək hərəkət edə, başqa cür cavab verə, nəyisə yanlış anlaya bilərlər. Namizədin ayağının tozu çəkilməmiş bu barədə post yazmaq, ona gülmək və ya ona qəzəbimizi bildirmək “eyçar”ları “cool” göstərmir, əksinə, bu, çox qeyri-professional hərəkətdir.

 8. İşə başlama vaxtının təyin edilməməsi. Burada iki hal baş verir: ya namizəddən dərhal işə başlamaq tələb edilir (nəzərə alaq ki, namizəd əvvəlki iş yerindən işdən çıxmalıdır, buna da müəyyən vaxt lazım ola bilər), ya da namizədə işə başlayacağı konkret vaxt deyilmir. Namizəd isə bu arada qeyri-müəyyənlik içində qalır, vaxtını və qazancını itirir.

 9. Müsahibədə qeyd edilən və real şərtlərinin fərqli olması. Müsahibə zamanı namizədlə müzakirə etdiyiniz əmək haqqı, iş vaxtının müddəti, yerinə yetirməli olduğu əmək funksiyaları və s. şərtlər realda tamamilə fərqli olur. Təbii ki, bu halda namizəd ilk fürsətdə yeni iş yeri tapmaq haqqında düşünəcək.