Salam.
Bu gün sizə CV (ingiliscə Curriculum Vitae – Tərcümeyi-hal) barədə danışacam. Bu məqalə xüsusilə CV hazırlamaqda çətinlik çəkən şəxslər üçün nəzərdə tutulub. Əgər sizin professional və uğurlu CV`niz varsa, onda bu məqaləni burada saxlayıb, buyurub saytımızdakı digər önəmli texnoloji yeniliklərlə tanış ola bilərsiniz.
"Ən maraqlı CV mənimdir" deyənləri belə utandıracaq CV-lər
P.S. Bu məqalədə qeyd etdiklərim öz şəxsi təcrübəmə və araşdırmalarıma əsaslanır.
Beləliklə davam edək. Gəlin, əvvəlcə CV nədir, nə üçün lazımdır və biz onu hansı məqsədlər üçün istifadə edə bilərik suallarını aydınlaşdıraq. CV qısaca olaraq sizin tərcümeyi-halınızdır. Yəni CV vasitəsilə siz özünüzü professional şəkildə ilk baxış üzrə təqdim edə bilərsiniz. Deyək ki, hər hansı bir şirkət vakansiya elan edib və siz bu vakansiyaya müraciət etmək istəyirsiniz. Bu zaman həmin şirkətin insan resursları mütəxəssisinə özünüzü təqdim etmək üçün CV forması göndərməli olacaqsınız. Bu ona sizin vakansiyaya uyğun olub olmadığınızı çatdıracaq və ilkin baxışdan sonra sizin barənizdə onda bir fikir formalaşacaq. CV yazılma məqsədləri müxtəlif ola bilər, buna təhsil, iş, təcrübə proqramları, konfrans və s. bir çox səbəblər saymaq olar. Ünvanlanma obyektinə görə CV`lər fərqli ola bilər. Amma bir çox hallarda ümumi hazırlanmış CV`ni istədiyiniz məqsəd üçün istifadə edə bilərsiniz.
CV hazırlayarkən aşağıdakı məlumatlara xüsusi diqqət yetirilməlidir:
CV yazarkən ən çox edilən səhvlər
CV, ünvanlanan şəxsdə sizin barənizdə ilk formalaşmasına səbəb olan vasitədir. Əgər tərcümeyi halınızı əl yazısı ilə təqdim edirsinizsə, bu zaman xəttinizin səliqəli olmasına fikir verin. Əgər elektron formada təqdim edirsinizsə, bu zaman yazınızın strukturunun səliqəli olmasına diqqət yetirin və heç bir çap xətasına yol verməyin. İstifadə etdiyiniz söz və cümlələrin anlaşılan və axıcı olmasına çalışın. Çünki istifadə etdiyiniz yazı üslubu işə götürənin fikrinə ciddi təsir edir. İş verənin sizinlə bağlı bilmək istədiyi məlumatlara daha çox yer verin. Məsələn, hansı məktəbi bitirdiyinizdən çox, hansı universiteti bitirdiyiniz və hansı ixtisasa yiyələndiyiniz daha vacibdir.
Sahib olduğunuz təcrübələr (iş, könüllülük) çox önəmli və əsas xətanın olduğu bölümdür. Staj və ya professional işdə nələr etdiyiniz, hansı şirkətin hansı departamentində vəzifəniz olduğu və vəzifəniz boyunca nə icra etdiyiniz çox önəmli məlumatdır. Bu hissə namizədin işə nə qədər uyğun olduğunu təyin edən əsas meyarlardandır. Çox yaxşı strukturda yazılmış təcrübə hissəsi sizi müsahibə mərhələsinə 1-0 öndə başlamağınıza səbəb olur.
Təcrübə hissəsində məlumatların tam olaraq çatdırılmaması əsas problemlərdən biridir. Şirkətlərin standartlarına uyğun bir işçi axtarışı zamanı ilk baxdıqları nöqtə iş təcrübəsi olur və bu hissə tam dolğun olmalıdır, bütün önəmli məlumatlar yer almalıdır.
Məsələn, deyək ki, namizəd ABC şirkətində "Departament müdiri” olaraq işlədiyini yazıb və əlavə heç bir qeyd etməyib. Burada işəgötürən özünə lazım olan məlumatı əldə edə bilmir. O bilmir ki, namizəd vəzifəsində nələr edib. İşəgötürən namizədin nə iş gördüyünü, inkişafa necə təsir ediyini bilmək istəyir. Ona görə bu hissəsə xüsusi diqqət yetirin.
Əgər varsa, referanslar da önəmlidir. Bu sizə daha çox üstünlük verər. Yeni məzun olmuş insanlar isə akademik referanslardan istifadə edə bilər. Referansların kim tərəfindən yazılması da çox önəmlidir.
Tərcümeyi-halın uzunluğuna gəldikdə isə çox qısa və ya uzun formalar bir standart xətasıdır. Çox uzun CV formaları işəgötürənin sizin barənizdə gərəkli məlumatları almasına mane olur. Çox qısa tərcümeyi-hallarda isə sizin haqqınızda dolğun məlumat əldə etmir.
Tərcümeyi-hal yazarkən istifadə etdiyiniz proqramlar və ya şablonlar da önəmlidir. Çalışın, yaradıcı CV forması hazırlayın. Özünüzü bununla tərənnüm edin. Bu barədə bizim xidmətlərdən də yararlana bilərsiniz.
UĞURLAR!