"EYÇAR"ların buraxdıqları əsas səhvlər...

Sosial şəbəkələrdə iki cəbhə var: “eyçar” və “namizəd” cəbhəsi. Hər iki tərəf bir-birini qeyri-professionalliqda ittiham edir. Adətən “eyçar”lar namizədlərin CV-lərini doğru tərtib etməməsindən, müsahibəyə gecikməsindən, hətta heç gəlməməsindən, göstərilən məlumatlarla namizədin real qabiliyyətlərinin üst-üstə düşməməsindən çox şikayət edirlər. Elə namizədlər də borclu qalmır: “eyçar”ların qeyri-peşəkar, eqolu davranışlarından, işlərini düzgün görməməsindən və s.-dən gündə yazırlar.

düzü, bu məsələdə hər iki tərəf haqlıdır. Ona görə də ilk olaraq özümüzdən başlayıram. Gəlin, “eyçar”ların, rekruterlərin ən çox qarşılaşdığımız səhvlərini müzakirə edək:


  1. Əmək bazarını analiz etməmək. Bəzən çox yüksək tələbləri olan vakansiyada çox aşağı əmək haqqı görürük.  Bəli, düşünə bilərsiniz ki, işsizliyin səviyyəsi yuxarıdır, onsuz da bu maaşa da işləyən tapılacaq. Amma bəs şirkətinizin reputasiyası? Bəs həmin aşağı maaşa bu gün çarəsizlikdən razı olmuş işçinin motivasiyası? Həmin işçi işə başladığı şirkətə töhfə vermək yerinə, elə ilk işə başladığı  gündən yeni iş axtarışında olacaq. Şirkət isə yenidən bir neçə aydan sonra başqa işçi axtarmağa başlayacaq. Düşünə bilərsiniz ki, burada nə var ki?! O, olmasın, bu olsun. Təbii ki, heç kim yeni işçinin işə qəbulu ilə bağlı xərcləri də hesablamır.
  2.  Etik normalara riayət edilməməsi. Qarşınızdakı insanın işə çox ehtiyacı ola bilər, lakin bu heç kimə ona yuxarıdan aşağı baxmaq haqqını vermir. “Eyçar”ların sevilməməsinin ən böyük səbəbi eqolu olmaqları, qarşısındakı namizədin həyəcanını anlaya bilməməsidir. “Gün gələr, dövran dönər”, bir gün siz də namizəd ola bilərsiniz. Digər bir səbəb isə, etik olmayan şəxsi sualların verilməsidir.
  3. Vakansiya barədə elanın qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməməsi. Bəzən iş elanlarında qanunvericiliyin tələblərini alt-üst edən tələblər görürürk: “qadın namizədlərə üstünlük verilir”, “ancaq kişi namizədlər müraciət etsin”, “ancaq 35 yaşadək olan namizədlərin CV-lərinə baxılacaqdır”. ARƏM-nin 16-ci maddəsində deyilir ki:
“Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır”.

Hələ iş vaxtının tələblərinin pozulmasını demirəm...

4. Pafoslu iş elanlarının tərtib edilməsi. İş elanını tərtib edərkən bu elanı sırf işlədiyiniz şirkətin tələblərinə uyğun şəkildə tərtib edin. Müxtəlif xaricı saytlardan “copy-past” edilmiş tələblər həm namizədlərə anlaşılmaz gəlir, həm də özünüz pis vəziyyətdə qalırsınız.

5. Xarici dil tələblərinin qoyulması. Ali təhsili başa düşdük, hamı ali təhsilli mütəxəssis axtarır, fərq etmir haranı bitirib, necə bitirib, əsas diplomu olsun. Amma yersiz dil tələblərinin qoyulması səbəbindən neçə potensiallı namizəd kənarda qalır. İngilis dilinin tələb edilməsi başa düşüləndir, deyək ki, şirkət gələcəkdə böyüyəcək, xaricə açılacaq. Bəs rus dili niyə? Maraqlısı budur ki, doğrudan da həmin dillərə ehtiyacı olan şirkətlər bunu mütləq tələb şəklində qoymur, orta səviyyədə fikrini izah edə bilən və ya öyrənməyə meylli və potensialı olan namizədləri işə qəbul edir, rus və ingilis dilləri ilə əlaqəsi olmayanlar isə bunu mütləq tələb şəklində qoyurlar. Ən təəccüblüsü isə odur ki, bəzən bu tələbləri tələb edənin özünün dil bilikləri yetərincə olmur.

6. İş elanının ingiliscə olması. Yerli şirkətə Azərbaycan Respublikası vətəndaşı işə qəbul edilir, amma elanın mətni ingiliscədir. Əgər bu vakansiyaya digər ölkələrdən də mütəxəssislər cəlb etmək istəyirsinizsə, anlaşılandır. Amma hansısa marketlər şəbəkəsinə satıcı və ya sürücü axtararkən vakansiyaların ingiliscə paylaşılmasını anlaya bilmirəm.

7. Geri dönüşün olmaması. Namizədlərin ən şox şikayət etdiyi mövzulardan biri budur. Ola bilər, bütün şirkətlərdə avtomatlaşdırılmış rekrutinq sistemi yoxdur. Amma müsahibəyə dəvət edilmiş namizədə mütləq müsahibənin nəticələri haqqında məlumat verilməlidir. Yaxud, namizəddə əminlik yaradıb, sonra bir müddət ona birbaşa cavab verməkdən qaçmaq, hissləriylə oynamaq isə heç bağışlanılan hərəkət deyil.

Bəs siz nələri əlavə edərdiniz?